“Beşiktaş” yeni mövsüm ərəfəsində heyətini  gücləndirməkdədir. Komanda Super Liqanın digər klubu “Alanyaspor”un 29 yaşlı müdafiəçisi Fabris En-Sakala ilə razılaşıb. Bir müddət futbolçu ilə yaxından maraqlanan “qara qartal”ın baş məşqçisi Sərgən Yalçın bu keçidin kifayət qədər xeyirli olacağını vurğulayıb. Qeyd olunur ki, konqolu futbolçu ilə 2 illik müqavilə imzalanacaq. Fabris En-Sakala “Beşiktaş”da ilk mövsümünə 800 min, növbəti il isə 900 min avro məvacib alacaq.Hazırki maliyyə böhranı şəraitində  İstanbul klubunun bu transferi sərfəli sayılır.

“Qalatasaray”ın sabiq futbolçusu, hazırda Praqanın “Sparta” klubunda çıxış edən Semih Kaya isə karyerasını öz ölkəsində davam etdirmək istəyir. Onunla elə keçmiş komandası  yaxından maraqlanır. Futbolçunun özü də doğma klubuna qayıtmaq istəyini gizlətməyib və “cimbom”un istənilən şərtlərilə razılaşa biləcəyini deyib. Baş məşqçi Fatih Terim də bildirib ki, mövsümün sonunda bəzi futbolçular komandadan ayrılandan sonra  müdafiə xəttində boşluq yarana bilər. Belə bir vəziyyətdə  Semih Kayanın qayıdışı  ən ideal variant kimi dəyərləndirilir.

Cumhuriyyətin digər klubları kimi “Fənərbağça” da boş dayanmaq niyyətində deyil. Komanda “A” Seriyasından  Kvadvo Asamoanı transfer etməyə çalışır. İtaliyanın “İnter” komandasında oynayan qanalı futbolçunun meneceri Asamoanın da, Türkiyəyə gəlmək istədiyini söyləyib. 31yaşlı yarımmüdafiəçi ilə bundan əvvəl  Almaniyanın “Hoffenhaym” klubu da  maraqlanırdı.  Bundesliqa təmsilçisi danışıqları dayandırandan sonra İstanbul klubu keçid üçün futbolçuya ödəyə biləcəyi məbləği də açıqlayıb. Asamoaya hələlik 1 illik müqavilə və 3 milyon avro maaş təklif edilib. Lakin tərəflərin yekun qərarı  haqda məlumat verilmir. Qeyd edək ki, Kvadvo Asamoa karyerası ərzində “Udineze”, “Yuventus” və “İnter”də oynayıb.O, artıq 12 ildir ki, Qana millisində də çıxış edir.